Qaz İxracatçıları Ölkələri Forumunda Rusiya Federasiyasının nümayəndəsi Viktor Zubkov Bakıda keçiriləcək “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
2007-2008-ci illərdə V.Zubkov RF-nin baş naziri olub.
Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Artıq 4 ildir ki, təşkil olunan bu ənənəvi forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
“Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət başçılarının iştirakı planlaşdırılır.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forum Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
2013-2015-ci illərdə forum Bakıda prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
R.Babayev