Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın 1992-ci il fevralın 26-da törətdiyi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.
"24 il əvvəl Xocalıda hücuma məruz qalmış qardaş Azərbaycan xalqının kədərinə şərik oluruq. Ermənistan tərəfindən törədilən soyqırımı, həmçinin Azərbaycan torpaqlarının işğalını pisləyirik", - deyə nazirliyin saytında dərc edilmiş bəyanatda deyilir.
Türkiyə XİN dünya birliyinin bu soyqırıma müvafiq qiymət verməməsi ilə əlaqədar təəssüfünü bildirib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F.İsazadə