Azərbaycanın xalq artisti İlhamə Quliyevanın ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub. Bakı şəhər Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinin ilkin rəyində deyilir.
Məlumatda bildirilir ki, fevralın 25-də saat 12:30 radələrində İ.Quliyevanın yaşadığı ünvanda vəfat etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. Baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət və xəsarət izləri aşkar edilməyib.
İ.Quliyevanın oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə göndərilib.
R.Babayev