Fevralın 29-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Səfər çərçivəsində F.Moqerini prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək.
Məlumata əsasən, F.Moqerini, eləcə də Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz
Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcəklər.
Bundan başqa, ali nümayəndə vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcək.
Aİ-nin ofisindən qeyd ediblər ki, F.Moqerini martın 1-də Ermənistana səfəri çərçivəsində prezident Serj Sarqsyan və XİN başçısı Edvard Nalbandyanla görüşəcək.
O, Şərq Tərəfdaşlığı ölkələrinə səfərinin davamı olaraq ilin sonunda Ukrayna və Gürcüstana baş çəkəcək.
F.İsazadə