Bakı Ali Neft Məktəbində (BANM) Akademik Zərifə Əliyeva adına Liseyin direktoru, əməkdar müəllim Mehriban Vəliyeva, o cümlədən liseyin bir qrup müəllim və şagirdi ilə görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Tədbiri açan ali məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları görməkdən məmnunluğunu bildirib.
O, Akademik Zərifə Əliyeva adına Liseyin yüksək təlim və tədris, o cümlədən tədrislə bağlı xüsusiyyətləri birləşdirən bir təhsil ocağı olduğunu bildirib. E.Qasımov hazırda BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan liseyin məzunlarından razılıq ifadə edib. O, liseyin direktoru M.Vəliyevaya təşəkkür edərək onun rəhbərliyi ilə sözügedən təhsil müəssisəsində yüksək keyfiyyətlərə malik müəllim heyətinin və məzunların olduğunu vurğulayıb. Orta məktəbdən gənclərin milli-mənəvi dəyərlərə, tariximizə hörmət ruhunda tərbiyə olunmasında orta ümumtəhsil məktəblərinin rolundan danışan E.Qasımov liseydə işlərin məhz bu istiqamətdə aparılmasının müşahidə olunduğunu deyib. O, BANM və Akademik Zərifə Əliyeva adına Lisey arasında olan əməkdaşlığın bundan sonra da davam və inkişaf edəcəyinə əminliyini bildirib. Rektor liseyin öz məzunlarının timsalında Azərbaycanın görkəmli oftalmoloq alimi, Akademik Zərifə Əliyevanın adını yüksək səviyədə doğrultduğunu vurğulayıb, həm müəllimlərə, həm də şagirdlərə təhsildə uğurlar arzulayıb.
Akademik Zərifə Əliyeva adına Liseyin direktoru M.Vəliyeva BANM-in rəhbərliyinə təşəkkür edərək ali məktəbdə olmaqdan şad olduğunu deyib və bildirib ki, BANM öz nüfuzuna görə ali təhsil müəssisələri içərisində seçilən bir ali təhsil ocağıdır. O, liseyin məzunlarının ali məktəbdə etimadı doğrultmalarından, onların özlərini yüksək səviyyədə təqdim etmələrindən məmnunluğunu bildirib. Direktor liseyin məzunlarının öz uğurlarını BANM-də davam etdirəcəyinə və nailiyyətlərinin davamlı olacağına əminliyini bildirərək bu ali məktəbin tələbəsi adını qazandıqları üçün həmin məzunlarla qürur huissi keçirdiyini deyib.
Görüşdə, həmçinin hal-hazırda BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan liseyin məzunları və hazırda liseydə təhsil alan şagirdlər öz sual və mülahizələri ilə çıxış ediblər, qarşılıqlı müzakirələr və sual-cavab olub.
Sonda rektor E.Qasımov M.Vəliyevanı BANM ilə əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə ali məktəb adından təşəkkürnamə ilə təltif edib.