Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfəri çərçivəsində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalı məsələsinə xüsusi diqqət ayrılacaq. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.
“Azərbaycan prezidenti ABŞ-a dəvət alıb. Düşünürəm ki, bu məsələ orada aparılacaq danışıqlarda prioritet təşkil edəcək”, - deyə o, jurnalistlərlə söhbət zamanı bildirib.
N.Məmmədovun sözlərinə görə, İ.Əliyevin bütün xarici səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsi prioritet məsələ olaraq qalır. Dövlət başçısının ABŞ-a səfərində də Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktı əsas müzakirə mövzusu olacaq.
“İstəyimiz münaqişənin tezliklə nizamlanmasından ibarətdir. Əslində bu, Ermənistana daha çox lazımdır, nəinki bizə. Ermənistan rəhbərliyinin hərəkətlərində uzaqgörənlik müşahidə etməməyim təəssüf doğurur. Onlar regionda və ümumilikdə dünyada baş verən prosesləri ədalətli və düzgün təhlil etmək iqtidarında deyillər və nəticə çıxara bilmirlər”, - deyə N.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi öz xalqını maraqlarına qurban verərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanmasına əngəl törədir.
Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, Ermənistan rəhbərliyində anlamalıdırlar ki, işğal edilmiş Azərbaycan torpaqları gec və ya tez istənilən yolla azad ediləcək.
R.Babayev