Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ana və qızını vuran sürücüyə qarşı cinayət işi başlanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir.
Fevralın 27-dəsaat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi “Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurub, nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N.Hüseynovanın müalicəsi isə davam etdirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla yol-nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaqistintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
R.Babayev