“BP-Azerbaijan” şirkəti 2015-ci ildə “Şahdəniz” yatağından 9,9 mlrd. kubmetr qaz hasil edib, bu isə 2014-ci ilin göstəricisinə uyğun gəlir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
Həmçinin hesabat dövrü ərzində “Şahdəniz” yatağından 2,3 mln. ton kondensat hasil edilib.
2015-ci ildə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $4 mlrd. 852 mln. (2014-cü illə müqayisədə artım 12,8%) təşkil edib, bunun $482 mln.-nu istismar, $4,37 mlrd.-nı əsaslı xərclər təşkil edib.
2015-ci ildə Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 18,6mln. kubmetr qaz nəql olunub.
Bu dövrdə CQBK-ya xidmət üzrə əsaslı xərclər $1,1 mlrd.., istismar xərcləri $ 47,5 mln. təşkil edib. 2014-cü ildə “Şahdəniz” layihəsi üzrə ümumi xərclər $4,3 mlrd. təşkil edib ki, bunun da $0,4 mlrd.-ı istismar xərcləri, $3,9 mlrd.-ı əsaslı xərclərin payına düşüb .
Xəbər verildiyi kimi, 2014-cü ildə “Şahdəniz” yatağından 9,9 mlrd. kubmetr qaz, 2,3 mln. ton kondensat hasil edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı $4,1 mlrd. dəyərində “Mərhələ-1” çərçivəsində həyata keçirilir. “Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.
N. Abbasova