2015-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun işlənməsi üzrə operator) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) AÇG blokundan 3,2 mlrd. kubmetr səmt qazı verib ki, bu da 2014-cü ilin göstəricisindən 15,9% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“2015-ci ildə SOCAR-a sutkada təxminən 8,9 mln. kubmetr səmt qazı tədarük etmişik”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2014-cü ildə ABƏŞ SOCAR-a 2,76 mlrd. kubmetr səmt qazı tədarük edib.
AÇG-dən hasil olunan səmt qazı SOCAR-a pulsuz verilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (35,78%, operator), “Chevron” (11,27%), “ExxonMobil” (8%), ONGC (2,72%), SOCAR (11,65%), “Inpex Corp.” (10,96%), “ITOCHU Oil” (4,3%), “Statoil” (8,56%) və TPAO (6,75%) şirkətləridir.
N.Abbasova