Azərbaycanla Hindistan arasında“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilənin ratifikasiyası fərmanlarının mübadiləsi haqqında” Protokol imzalanıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, protokolu xarici işlər nazirinin müavini Xələf Xələfov və Hindistanın Azərbaycandakı səfiri Sancay Rana imzalayıblar.
Protokol 29 fevral 2016-cı il tarixindən qüvvəyə minir.
Görüş zamanı həmsöhbətlər bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclasını müzakirə ediblər.
Hökumətlərarası komissiyanın iclasının ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
X.Xələfov Hindistanla siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini bildirib.
Parlament diplomatiyasının inkişafının vacibliyinə toxunan nazir müavini Hindistan- Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirib.
X.Xələfov energetika sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edərək Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
O, həmçinin Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha da asanlaşdırıcaq Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsi barəsində məlumat verib və bu layihəyə İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini əlavə edib.
İkitərəfli münasibətlərin daha da inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən S.Rana, hazırda bir çox sahələr üzrə müqavilələrin layihələri üzərində iş getdiyini və yaxın gələcəkdə hüquqi sənədlərin imzalanacağına ümidvar olduğunu deyib.
Səfir Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını diqqətə çatdırıb.
F.İsazadə