Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əksər hissəsini əvvəlki kimi ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
2015-ci il dekabrın 31-nə ARDNF-in aktivləri $33 mlrd. 571,4 mln. təşkil edib, bunun $127,2 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.
Qeyd olunan tarixə ARDNF-in investisiya portfeli $33 mlrd. 446,9 mln.-a bərabərdir. Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda $15 mlrd. 958,4 mln. və ya 47,7% ABŞ dolları (2014-cü ilin yekunları üzrə 54,1%), 35,3% avro (2014-cü ilin sonuna 33,9%), 5,2% funt sterlinq (2014-cü ilin sonuna 4,8%), 0,6% Avstraliya dolları, 1,1% türk lirəsi, 1,5% rus rublu, 1,3% Cənubi Koreya vonu, 1,4% Çin yuanı, 1,6% yapon yeni, 1,2% digər valyutalar, 3,1% isə qızılda yerləşdirilib.
31 dekabr 2015-ci il tarixinə fondun investisiya portfelinin vəsaitlərinin 44,2%-i korporativ kağızlarda (2014-cü ilin sonuna 45,9%), 13,2%-i agentlik və beynəlxalq təşkilatların istiqrazlarında (2014-cü ilin sonuna 19,2%), 8,5%-i qısamüddətli kommersiya kağızlarında, qalanları digər alətlərdə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 58,46%-i Avropa ölkələrində (2014-cü ilin sonuna 51,75%), 21,51%-i Şimali Amerika ölkələrində (2014-cü ilin sonuna 24,04%), 11,92%-i Asiya-Sakit okean regionu ölkələrində (2014-cü ilin sonuna 13,54%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 79,4%-i istiqraz və depozitlərdə, 2,7%-i pul bazarı alətlərində, 7,7%-i səhmlərdə, 3,1%-i qızılda, 2,5%-i investisiya layihələrində yerləşdirilib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A. Əzizov