“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənmə layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikinti layihəsi üzrə podratçı şirkətlər 2015-ci ildə $1 mlrd. 634 mln. məbləğində sifariş yerinə yetiriblər ki, bu da 2014-cü ilin göstəricisindən 19,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Göstərilən məbləğdən $414 mln. məbləğində sifarişi 15 birgə müəssisə, $168 mln. məbləğində sifarişi 42 dövlət müəssisəsi, $637 mln. məbləğində sifarişi 303 kiçik və orta müəssisə və fiziki şəxs yerinə yetirib. $415 mln. məbləğində sifarişi BP şirkətinin Azərbaycandakı layihələri üzrə fəaliyyət göstərən xarici şirkətlər həyata keçiriblər”, - deyə mətbuat xidmətindən bildirilib.
2015-ci ildə sosial layihələrin həyata keçirilməsinə qoyulan investisiyalar $4,5 mln. təşkil edib.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir
Bakı-Tbilisi-Ceyhan layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.
N.Abbasova