Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt ilə görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesini müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb və ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırıb.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.
E.Məmmədyarov həmçinin münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğunu vurğulayaraq, beynəlxalq təşkilatların bu məsələyə xüsusi diqqət yetirməli olduğunu nəzərə çatdırıb.
Parlament diplomatiyasının əhəmiyyətinə toxunan nazir Azərbaycanın bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Öz növbəsində P.Aqramunt Azərbaycanın təşkilatla uğurlu əməkdaşlıq göstərdiyini bildirərək, əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu diqqətə çatdırıb.
F.İsazadə