Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlayacaq və yenisənədləri avropalı deputatların müzakirəsinə təqdim edəcək. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt ilə görüş zamanı bəyan edib.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, O.Əsədov bildirib ki, 2016-cı ilin yanvar sessiyasında təşkilatdaDağlıq Qarabağla bağlı iki sənəd müzakirə olunub.
Spiker vurğulayıb ki, onlardan biri - “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” ilə bağlı sənədin cüzi fərqlə səsvermə zamanı qəbul olunmaması təəssüf doğurur.
“Ancaq ermənilər bununla arxayınlaşmasınlar. Vaxtilə 2005-ci ildə bu məsələ ilə əlaqədar təşkilatda daha geniş sənəd qəbul olunub. Gələcəkdə də azərbaycanlı deputatlar bu məsələni daim diqqətdə saxlayacaq və yeni sənədləri müzakirəyə təqdim edəcəklər.Bu tipli məsələlərin müzakirəsində təşkilatdakı bir sıra deputatların ATƏT-in Minsk qrupu tərəfindən verilən bəyanatların təsiri altına düşmələri bizim üçün anlaşılan deyil. Ümid edirik ki, gələcəkdə belə hallar olmayacaq”, - deyə O.Əsədov qeyd edib.
Spiker Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Minsk qrupunun fəaliyyətindən söz açaraq, bu günədək bu qrupun real irəliləyişə nail olmadığını təəssüflə qeyd edib. Bildirilib ki, bu məsələ haqlı olaraq Azərbaycan ictimaiyyətini çox narahat edir.
“Biz inanırıq ki, beynəlxalq birlik, o cümlədən AŞPA bu məsələyə daha həssas yanaşacaq”, - deyə Milli Məclisin sədri vurğulayıb.
O.Əsədov parlamentin AŞPA ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu qeyd edib, P.Aqramuntun prezidentliyi dövründə münasibətlərdə yeni mərhələ başlayacağına ümidvar olduğunu vurğulayıb.
Sədr deyib ki, AŞPA ilə Milli Məclis arasında əməkdaşlıq mütləq şəkildə qarşılıqlı hörmətə söykənməli və hər iki tərəfin maraqlarına cavab verməlidir.
O.Əsədovun sözlərinə görə, bu ilin sentyabrında quruma üzv dövlətlərin spikerlərinin Strasburqda keçiriləcək görüşündə iştirak üçün dəvət alıb.
P.Aqramunt öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri inkişaf etdirmək niyyətində olduğunu söyləyib.
R.Babayev