Bakı və İslamabad Azərbaycan və Pakistanın ən çətin vaxtlarda həmişə bir-birinin yanında olub. Bu barədə Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmud bəyan edib.
“Ölkələrimizin siyasi, mədəni və dini əlaqələri qədim tarixə malikdir. Ən çətin vaxtlarda həmişə bir-birimizin yanında olmuşuq. “Cənab prezident, biz bu əlaqələrin inkişaf etdirilməsini həmişə arzulamışıq, Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik”, - deyə R.Mahmud Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
Qonaq Azərbaycana səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı təmasların olacağına əminliyini bildirib.
Öz növbəsində, İ.Əliyev ölkələr arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərimizin hazırda çox uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd edib.
Prezident Azərbaycanın Pakistan ilə bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
F.İsazadə