Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsində vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərinə vergi tətillərinin tətbiq edilməsini nəzərdə tutan düzəlişləri təsdiq edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Düzəlişlərə əsasən, Azərbaycan vətəndaşlarının bank əmanətləri üzrə faiz gəlirlərindən vergi tutulmayacaq. Bu vergi tətilləri 3 il müddətinə nəzərdə tutulub.
Bundan əlavə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergilərdən azad edilir.
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-dək vətəndaşların bank əmanətləri üzrə gəlirlərindən vergi tutulmurdu. Lakin 2015-ci ildən vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərindən vergi tutulması praktikası tətbiq edilib.
Vergi dərəcəsi 10% təşkil edir.
2015-ci ilin sonuna əhalinin bank əmanətləri 9,5 mlrd. manata yaxın olub. Vergi güzəştlərinin tətbiqi nəticəsində büdcə itkiləri indiki 10% vergi dərəcəsi ilə 95 mln. təşkil edəcək.
A.Əzizov