Bakı Pakistanla strateji tərəfdaşlığın səviyyəsindən məmnundur. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmud ilə görüş zamanı söyləyib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri ölkəmizin müharibədən əziyyət çəkməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək Pakistanın Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməklə xalqımızın haqq işinə kömək etməsinə hazır olmasını xüsusi qeyd edib.
Z.Həsənov Pakistan ilə təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişafının vacibliyi, əlaqələrin daha da dərinləşdirilməsi və ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkil edilməsi barədə fikirlərini də diqqətə çatdırıb.
R.Mahmud Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Tərəflər Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də hər iki ölkənin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini də xüsusi vurğulayıblar.
F.İsazadə