ABŞ-ın Oreqon ştatı Bakı ilə hərtərəfli əməkdaşlığın qurulmasına maraq göstərir. Azərbaycanın Los Ancelesdəki baş konsuluğunun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə ştatın qubernatoru xanım Keyt Braun Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ilə görüş zamanı bəyan edib.
N.Ağayev, öz növbəsində, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə, xüsusilə limançılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Oreqon ştatına işçi səfəri zamanı baş konsul N.Ağayev, həmçinin ştatın dövlət katibi Cin Atkins, hər iki partiyanı təmsil edən müxtəlif qanunvericilər, ştatın ən böyük şəhəri olan Portlandın meri Çarli Heyls ilə görüşlər keçirib, Portland Ştat Universitetində tələbələr qarşısında çıxış edib.
R.Babayev