Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Ermənistan müdafiə naziri Seyran Ohanyan boşboğazlıqla məşğuldur və siyasi terminlərlə dolu bəyanatlar verir. Azərbaycanın Müdafiə Nazirliyi bu fikirləri S.Ohanyanın Qarabağ münaqişəsinə dair səsləndirdiyi bəyanatlara cavab olaraq bildirib.
“Heç şübhəsiz ki, bu bəyanat xarici auditoriyaya ünvanlanıb və Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlülüyünü bir daha sübüt edir”, - deyə nazirlikdən bildirilib.
“Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsi ilə həll olunmalı, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır, - deyə nazirliyin məlumatında qeyd olunur.
Qeyd edək ki, S.Ohanyan bəyan edib ki, Azərbaycan tərəfi konstruktiv iş aparmaq istəmədiyini nümayiş etdirir, etimad mexanizmini formalaşdırmaq və təxribatlardan əl çəkmək, atşkəs rejiminə əməl etmək istəmir. O, həmçinin deyib ki, Ermənistan Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir və bu istiqamətdə addımlar atır.
B.Rüstəmbəyov