2016-cı ilin fevral ayında İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişləri 4,5% - 2 mln. 36,119 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İSB-dən məlumat verilib.
“Fevral ayında 1,616 min hadisə üzrə sığorta ödənişləri həyata keçirilib (azalma 9,5%)”, - deyə məlumatda bildirilir.
Ötən ay avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1,426 min sığorta tələbi üzrə 1 mln. 717,601 min manat, əmlaka dəyən zərərə görə 40,768 min manat (36 tələb), sağlamlığa dəyən zərərə görə 107,75 min manat (84 tələb), ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsinə görə 170 min manat (34 hadisə) məbləğində ödəniş həyata keçirilib.
Hesabat ayında AVSMMİS üzrə ödənişlərin orta məbləği 1,175 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
2015-ci ildə sığortaçıların AVSMMİS üzrə ödənişləri 22 mln. 722,698 min manat təşkil edib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 16 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 12 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
A.Əzizov