Xarici İşlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı çərşənbə günü jurnalistlərə təqdim olunub.
“Yeddi hissədən ibarət hesabat 500-dən çox erməni və digər açıq mənbələrdən toplanaraq hazırlanıb”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hesabatda həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyət və məqsədyönlü məskunlaşmaya dair məlumat toplanıb.
“Ermənistan milliyyətcə erməni olan suriyalı qaçqınların işğal olunmuş Azərbaycan ərazilərində süni məskunlaşması üzrə məqsədyönlü siyasətini davam etdirir. Bizdə olan məlumata görə, indiyədək milliyyətcə erməni olan 15-20 min suriyalı qaçqın məskunlaşdırılıb. Onların bir hissəsini Ermənistanda qəbul ediblər, qalan hissəsi isə işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bu məlumatı erməni mənbələri səsləndirib. Lakin yəqin ki, bu rəqəmlər azaldılıb”, - deyə H.Hacıyev vurğulayıb.
XİN-in mətbuat katibi vurğulayıb ki, İrəvanın yürütdüyü təcavüzkar siyasət işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iştirak və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun qorunub saxlanmasına yönəlib.
“Hesabatda işğal altına olan ərazilərdə ermənilərin qanunsuz kənd təsərrüfatı, bank, sənaye fəaliyyəti ilə bağlı məlumat öz əksini tapıb. Erməni tərəfi Azərbaycanın təbii sərvətlərini talan etməkdə davam edir, humanitar fəlakətə səbəb olacaq fəaliyyət həyata keçirir. Bunun işğalçılar tərəfindən istifadə olunan Sərsəng su anbarına aidiyyəti var. Ermənilər işğal olunmuş torpaqlarda sənaye müəssisələri, qanunsuz infrastruktur yaradırlar”, - deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, hesabat geniş dünya birliyinə təqdim olunacaq.
“Azərbaycan bir daha beynəlxalq birliyə müraciət edərək Ermənistanın məqsədyönlü məskunlaşma siyasəti və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə son qoymaq tələbi ilə müraciət edir”, - deyə o bildirib.
XİN rəsmisi deyib ki, Ermənistan tərəfinin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında öz əksini tapıb.
R.Babayev