Bu gün Azərbaycanda şahmatın inkişafına böyük diqqət yetirilir. Bu fikirləri gənclər və idamn naziri Azad Rəhimov “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı”nın başa çatmasına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
“Bu dövr ərzində Azərbaycan şahmatçıları Avropa və dünya səviyyəli bir sıra turnirlərdə iştirak edib, 80-dən çox medal qazanıblar. Bu medallardan 32-si qızıl medaldır”, - deyə nazir qeyd edib.
A.Rəhimovun sözlərinə görə, bu gün respublikada 25 qrossmeyster, 16 beynəlxalq səviyyəli usta, 20 FİDE ustası, 15 beynəlxalq səviyyəli hakim və 16 FİDE hakimi fəaliyyət göstərir.
“Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq nəticəsində 70-dən çox məktəbdə “Şahmat” fənni tədris olunur. Respublikanın rayon və şəhərlərində şahmat məktəbləri fəaliyyət göstərir”,- deyə nazir qeyd edib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanın 66 rayon və şəhərində şahmat məktəbləri fəaliyyət göstərir.
“Hazırda orta ümumtəhsil məktəblərinin 2, 3 və 4-cü siniflərində pilot layihə kimi “Şahmat” fənni tədris edilir ki, bu da məktəblilərin 10%-ni əhatə edir”,- deyə M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, şahmat intellektual və strateji oyundur.
“Az sayda insan şahmat ustası olur, lakin şahmat sayəsində əldə edilən bilik və bacarıqlar gələcəkdə karyera qurmağa kömək edir”, - deyə nazir bildirib.
Respublika Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov qeyd edib ki, “Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı” başa çatsa da, onun qarşıya qoyduğu məqsəd və vəzifələrə gələcəkdə də əməl ediləcək.
A.Zeydullayeva