Yaxın günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) kredit ayıracaq. Bu barədə çərşənbə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“ADIF kredit almaq üçün Mərkəzi Banka müraciət edib və hazırda bu məsələyə baxılır. Yaxın günlərdə AMB tərəfindən qərar qəbul ediləcək”, - deyə E.Rüstəmov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Bununla belə, o, kreditin dəqiq məbləğini səsləndirməyib. “Vəsaitin həcmi hələ müəyyən olunmayıb, lakin fondun tələbatı tam ödəniləcək”, - deyə E.Rüsstəmov əlavə edib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-fevral aylarında lisenziyaları ləğv edilmiş 4 bankın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ADIF-in öz ehtiyatları kifayət etmir. “Bank of Azerbaijan”ın əmanətçilərinin qorunan əmanətləri üzrə kompensasiyanın həcmi 24,2 mln. manat, “Gəncəbank”ın əmanətçilərinin əmanətləri üzrə 1,5 mln. manat, “United Credit Bank”ın əmanətçilərinin əmanətləri üzrə 2,7 mln. manat, “Texnikabank”ın əmanətçilərinin əmanətləri üzrə 123,2 mln. manata yaxın qiymətləndirilir. Bununla belə, 2015-ci ilin sonuna ADIF-in sığorta ehtiyatları 132 mln. manat təşkil edib.
ADIF qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər hissəsini kompensasiya edir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 12% dərəcəsindən yüksək olmayan 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
A.Axundov