Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Pakistanla fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmud ilə görüş zamanı K.Heydərov qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratdığını söyləyib.
O, pakistanlı generala FHN-in fəaliyyəti haqqında ətraflı məlumat verib, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.
Öz növbəsində R.Mahmud bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq Pakistan üçün əhəmiyyətlidir. Qonaq vurğulayıb ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.
F.İsazadə