Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.
Atlasın redaksiya heyətinin sədri Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov, redaksiya heyəti sədrinin müavinləri fövqəladə hallar naziriKəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, məsul katib Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov təyin edilib.
Redaksiya heyətinə iqtisadiyyat naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova və başqaları da daxildir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
F.İsazadə