Gənclər və idman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə yola düşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir martın 4-də keçiriləcək.
İclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqlar arasında əhatəli əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
İclas zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında keçiriləcək 2-ci Dünya Köçəri Oyunları, Türkdilli Dövlətlərin Universitet İdman Oyunları (Türk Universiadası), Gənclər Festivalı, Gənclər düşərgəsi və s. tədbirlər müzakirə olunacaq.
Bundan əlavə, iclasda 2016-cı ildə Gənclər Festivalının, 2017-ci ildə Türk Şurası gənclər və idman məsələlərinə məsul nazirlərin 2-ci iclasının və 2018-ci ildə Türkdilli Dövlətlərin Universitet İdman Oyunlarının (Türk Universiadası) Azərbaycanda təşkili məsələlərinə də baxılacaq.
R.Babayev