Macarıstanın baş naziri Viktor Orbanın Bakıya səfəri çərçivəsində Macarıstanla Azərbaycan arasında strateji tərəfdaşlığı əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Macarıstanın Bakıdakı səfiri İmre Laslotski məlumat verib.
“Azərbaycan və Macarıstan strateji tərəfdaşdır və zamanla ölkə başçıları arasında görüşlər keçirilir. Sonuncu dəfə prezident İlham Əliyev Macarıstanda səfərdə olub, indi isə baş nazir Bakıya səfərə gələcək”, - deyə İ.Laslotski bildirib.
O xatırladıb ki, V.Orban 2012-ci ildə Azərbaycanda olub. 2014-cü ildə prezident İ.Əliyev Macarıstana səfər edib, “2016-cı ildə isə macar baş naziri Bakya səfərə gəlir”.
“Səfərlər hər iki ildən bir baş tutur. Düşünürəm ki, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri hər il həyata keçirilsəydi, bu, əsaslı şəkildə olardı, çünki biz strateji tərəfdaşıq”, - deyə diplomat qeyd edib.
V.Orban martın 6-da Azərbaycana səfər edəcək. İ.Laslotskinin sözlərinə görə, səfər çərçivəsində baş nazirin yüksək səviyyədə görüşləri planlaşdırılıb.
V.Orban martın 6-da keçiriləcək Azərbaycan-Macarıstan biznes forumunda da iştirak edəcək.
F.İsazadə