“ Obşaya qazeta” adlı məşhur gürcü qəzetində “ Katolik ordinaturadan yeni təhlükə” adlı məqalə dərc edilib. Məqalədə ermənilərin tarixi gürcü kilsələrinə iddialarından bəhs edilir.
Məqalədə qeyd edilir ki, Ermənistan tərəfi Roma Papasının ölkəyə gözlənilən səfəri ilə əlaqədar olaraq müvafiq sənəd hazırlayırlar ki, bu sənədlər əsasında Papa Gürcüstan ərazisində yerləşən kilsələrin Ermənistan kilsəsinin tabeliyinə qaytarılmasını, bərpası və yenidən qurulmasının qanuniləşdirilməsinə kömək etsin.
“Erməni alimlərin göstərdikləri faktlara əsasən, Gürcüstan tərəfi öz ərazisində müntəzəm olaraq erməni mədəniyyətinin izlərini dağıdır. Xatırlatmaq istərdim ki, bizim “mehriban” və “dost” qonşularımız olan ermənilər “iz” dedikdə, 442 erməni kilsəsini nəzərdə tuturlar. Söhbət bu günə qədər də pravoslav xristianların ibadət etdikləri və tarixən heç bir zaman Ermənistana məxsus olmamış kilsələrdən gedir”,- deyə müəllif qeyd edib.
Məqalədə ermənilərin yeni iddia qaldırdığı 10-dan çox kilsənin siyahısı təqdim edilib. Yeni siyahı erməni katolikləri tərəfindən hazırlanıb. Müəllif qeyd edib ki, siyahı kifayət qədər uzundur və buna görə də o, yalnız bir hissəni təqdim etməklə kifayətlənib.
Məqalədə Türkiyənin ermənilərə qarşı törətdiyi soyqırımı və ermənilərin Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları barədə də söz açılıb. “Onlar Türkiyənin ermənilərə qarşı guya soyqırımı törətməsi barədə bütün dünyaya yalandan car çəkirlər, Qarabağ münaqişəsini xatırladanda isə avropalı siyasətçilərin qanı donur”,- deyə müəllif qeyd edir.
Öz növbəsində ermənilər Ermənistan ərazisində yerləşən kilsələrdə qədim gürcü freskalarını məhv edərək bu kilsələrin ermənilərə məxsus olduğunu isbat etməyə çalışırlar.
Məqalənin tam mətni ilə http://interfax.az/view/666835 linki vasitəsilə tanış olmaq olar.
B.Rüstəmbəyov