Səhiyyə Nazirliyi “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində Tədbirlər Planını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələri ilə təmin olunmasının monitorinqinin təmin edilməsi məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, pompa ilə təmin edilmiş uşaqların monitorinqi və ləvazimatlarla təminatı, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, bölgələrdə “Diabetik pəncə” kabinetlərinin yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması daxildir.
Həmçinin bölgələrdə şəkətli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi (endokrinoloqlar, cərrahlar, oftalmoloqlar, nevropotoloqlar, ginekoloqların iştirakı ilə), şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakını təşkil etmək nəzərdə tutulur.
Hazırda 208 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.
A.Zeydullayeva