Martın 3-də “Rusiya və Azərbaycan: humanitar sahədə qarşılıqlı fəaliyyət” mövzusunda videokörpü keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Videokörpüdə Rusiya tərəfindən “Rossotrudniçestvo” agentliyinin Təhsil və Elm sahəsində Əməkdaşlıq İdarəsinin rəisi Vadim Çexa, Azərbaycan tərəfindən “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Bakı Slavyan Universitetinin prorektoru Rafiq Novruzov iştirak edib.
V.Çexa öz çıxışında Rusiya və Azərbaycan arasında təhsil, elm və mədəniyyət sahəsində çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi üzrə birgə işi yüksək qiymətləndirib.
O, bu birgə iş nəticəsində nəzərəçarpan nəticələrin və perspektivlərin olduğunu diqqətə çatdırıb. Birgə layihələrin həyata keçirilmə forması barədə danışan V. Çexa Rusiya və Azərbaycan ali məktəblərinin proqramlarının həyata keçirilməsi üzrə şəbəkə prinsipini bu mərhələdə prioritet və daha səmərəli əməkdaşlıq forması adlandırıb.
Diskussiya çərçivəsində Azərbaycan və Rusiya mütəxəssisləri Azərbaycanda rus dilinin perspektivləri, rus dili və ədəbiyyatına artan tələbat barədə müzakirələr aparıblar.
Azərbaycan gəncləri üçün Rusiya ali məktəblərində müxtəlif formalarda ali təhsil alma imkanları məsələlərinə toxunulub. Həmçinin humanitar sahədə yeni birgə layihələrin aspektlərindən də söz açılıb.
V.Denisov qeyd edib ki, Azərbaycanda uzun illər ərzində rus dilinin inkişaf etdirilməsi üzrə sistemli iş qurulub, bu dil demək olar ki, ölkədə Azərbaycan dili ilə yanaşı, ikinci ünsiyyət dili olub, elm, mədəniyyət , səhiyyə və.s sahələrdə geniş istifadə olunur.
Deputat M.Zabelin Azərbaycanın Rus İcmasının, digər həmvətənlər təşkilatlarının rus dili və mədəniyyətinin yayılmasında göstərdikləri xidmətlərdən danışıb. O, belə layihələrdən olan “Könül çeşməsi” adlı mədəni layihə barədə söhbət açıb. Azərbaycanlı tələbələrin Rusiyada təhsil alması məsələsinə toxunan deputat, tələbələrin miqrasiya xidmətləri ilə bağlı yaranan problemlərinə toxunub.
Rafiq Novruzov mütəxəssislərin hazırlanmasında Bakı Slavyan Universitetinin və digər ali məktəblərin verdiyi töhfələrdən danışıb. O, həmçinin müntəzəm olaraq pedaqoq heyəti və elmi-metodiki ədəbiyyat mübadiləsi aparılmasının vacibliyini də qeyd edib.
A.Zeydullayeva