“Azərsu” ASC Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərini 2018-ci ildə başa çatdırılmağı planlaşdırır. Bu barədə ASC-dən məlumat verilib.
Layihə Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.
Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib.
Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12 min kubmetrolan 3 ədəd anbar və 6,9 km uzunluğunda anbarlararası xətt inşa edilib.
Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb.
Bununla yanaşı, Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. İndiyə qədər 855 km paylayıcı su xəttinin 87 km-lik, 813 km kanalizasiya şəbəkəsinin isə 74 km-lik hissəsi çəkilib.
Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub.
Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
N.Abbasova