Quba şəhərində Rus dili və ədəbiyyatı üzrə Olimpiadanın növbəti turu keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bu il olimpiada MDB-nin yaranmasının 25 illiyinə, Rusiyada “Kino ili”nə, Azərbaycanda “Multikulturalizm ili”nə və MDB-də “Təhsil ili”nə həsr olunub.
Azad Məmmədov adına 2 nömrəli orta məktəbdə (direktor Zeynulla Camalov) keçirilən olimpiadada Quba, Qusar, Siyəzən, Xaçmaz və Şabran rayonlarının məktəbliləri iştirak ediblər.
Olimpiadanın təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasıdır.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Quba raayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov, Quba şəhər 2 nömrəli orta məktəbin direktoru Z.Camalov və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina iştirakçıları salamlayıblar.
V.Denisov 2 nömrəli məktəbə rus dilində tədris-metodiki və bədii ədəbiyyat dəstləri hədiyyə edib.
Olimpiadanın növbəti turu martın 11-12-də Masallı və Lənkəran şəhərlərində keçiriləcək.
A.Zeydullayeva