Çərşənbə günü TbilisidəDağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacaq. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
“Tbilisiyə gəldik və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini müzakirə edəcəyik”, - deyə o qeyd edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
F.İsazadə