Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) savadlı və vətənpərvər gənclərin yetişdirilməsində vacib rol oynayır. Bu fikirləri Prezident Aparatının nümayəndəsi Tahir Süleymanov ATGTİ-nin üçüncü hesabat seçki konfransında səsləndirib.
“ATGTİ 2009-cu ilin sonunda ölkədə fəaliyyət göstərən müxtəlif tələbə və gənclər təşkilatlarınının birgə fəaliyyətini təmin etmək, gənclərin ictimai-siyasi aktivliyini gücləndirmək məqsədi ilə yaradılıb. Bu gün demək olar ki, hesabat dövründə ATGTİ öz missiyasını yerinə yetirib”, - deyə o qeyd edib.
T.Süleymanovun sözlərinə görə, ATGTİ hesabat dövrü ərzində 350-dən çox layihə həyata keçirib.
“Bu gün Azərbaycanda 300-dən çox təşkilat qeydiyyata alınıb, ATGTİ-nin fəaliyyəti gənclərin intellektual inkişafının dəstəklənməsinə yönəlib”, - deyə T.Süleymanov bildirib.
O deyib ki, bugünkü gənclik ölkənin gələcəyi deməkdir.
“Gənclərin düzgün inkişafının təmin edilməsində tələbə və gənclər təşkilatlarının rolu əvəzsizdir”, - deyə Prezident Aparatının nümayəndəsi vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov isə respublikada gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib.
“Son illər ATGTİ ölkənin tələbə və gənclər təşkilatlarını birləşdirən nüfuzlu mərkəzə çevrilib, İttifaq tələbə gənclərlə fəal iş aparır, orijinal ideyalar həyata keçirir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir”, - deyə nazir qeyd edib.
Konfransda ATGTİ-nin fəaliyyətinə dair hesabatlar dinlənilib, qurumun gələcək inkişaf perspektivləri müəyyən edilib.
R.Babayev