Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Ukraynanınkeçmiş prezidenti Viktor Yuşenkonu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.
Prezident İ.Əliyev bu gün Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi də qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edilib, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışılıb.
Dövlət başçısının İsrail Dövlətinin keçmiş baş naziri Ehud Barakla görüşündə isə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulanıb. Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olunub. Bakı Forumunun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirilib.
F.İsazadə