2016-cı ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı marşrutu ilə daşınan yük avtomobillərinin sayı 2015-ci ilin analoji dövrü ilə müqayisədə 7,3 dəfə artıb. Bu barədə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının saytında məlumat verilib.
Məlumatda qeyd olunur ki, 2016-cı ilin yanvar-fevral aylarında bu dəhliz vasitəsilə 1,582 min yük avtomobili daşınıb.
Xəbər verildiyi kimi, 2015-ci ilin oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnaməni təsdiq edib.
Şuranın öhdəliklərinə tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və yeni tranzit imkanlarının yaradılması məqsədi ilə təhlillər aparmaq, proqramlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində mövcud infrastruktur obyektlərinin potensialından maksimum istifadə edilməsi ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək daxildir.
İqtisadiyyat naziri Şahin Mustafayev Tranzit Yükdaşımalar üzrəKoordinasiya Şurasının sədri təyin olunub.
N.Abbasova