“Azərsu” ASC iki regional bölməsinin maliyyə hesabatının auditini aparmaq üçün auditor şirkəti seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Auditor seçimi tender vasitəsi ilə aparılır.
ASC-nin elanına əsasən, auditorun öhdəliklərinə “Azərsu” ASC-nin törəmə strukturlarının (Şəki Sukanal və Gəncə Sukanal idarələrinin) maliyyə hesabatının auditi, 2015-ci il ərzində açıq kommunal infrastrukturu proqramı layihəsi üzrə maliyyə hesabatının auditi daxildir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Şirkətlərdən təkliflər 2016-cı il aprelin 27-nə qədər qəbul ediləcək. Tender proseduru aprelin 27-də baş tutacaq.
Xəbər verildiyi kimi, "II Açıq Kommunal İnfrastruktur Proqramı" layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi işlərini nəzərdə tutur. Bu layihənin gerçəkləşdirilməsi üçün Almaniyanın “Kreditanstalt fur Wiederaufbau” bankı (KfW) Azərbaycana 37 mln. avro həcmində kredit verib, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 10 mln. avro həcmində qrant ayırıb, Azərbaycan hökumətinin payı isə 7 mln. avro təşkil edir.
N.Abbasova