Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin həyata keçirdiyi önləyici tədbirlər sayəsində ayrıca pavilyonla İTB Berlin turizm sərgisində işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin stendinin ləğv edilməsi üçün tədbirlər görür. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev qeyd edib ki, 2009-cu ildə rəsmi Yerevan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin İTB Berlin turizm sərgisində iştirakı üçün təxribatçı cəhd göstərmiş və bunun qarşısı alınmışdı.
“Həmin ildən etibarən Azərbaycanın Almaniyadakı səfirliyinin həyata keçirdiyi önləyici tədbirlər sayəsində ayrıca pavilyonla İTB Berlin turizm sərgisində qondarma rejimin iştirakının qarşısı effektiv şəkildə alınır”, - deyə o bildirib.
XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, bu il İTB Berlin turizm sərgisinin təşkilat komitəsini aldadaraq başqa ad altında kommersiya şərtləri ilə qeydiyyatdan keçən bir təşkilat sərgi başlayan gün ona aid olan pavilyonda “Karabakh” adlanan plakat asıb.
“Göründüyü kimi, yalan və saxtakarlıqdan belə çəkinməyən qondarma rejim bu cür davranışla əslində özünün kriminal təfəkkürlü mahiyyətini bir daha nümayiş etdirir”, - deyə H.Hacıyev vurğulayıb.
“Azərbaycanın Almaniyadakı səfirliyi tədbirin təşkilatçıları ilə təmasda olaraq bu stendin ləğv edilməsi üçün tədbirlər görür”, - deyə o əlavə edib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək üçün qazanc məqsədilə turizmdən sui-istifadə edir.
F.İsazadə