Digər dövlətlərin daxili işlərinə müdaxilə bu proseslərin təşəbbüskarları üçün pis nəticələnə bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Hər addım, hər hərəkət, digər ölkələrin daxili işlərinə hər müdaxilə, şübhəsiz ki, bunun təşəbbüskarı olanlar üçün çətinliklərə səbəb olur”, - deyə İ.Əliyev “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda bəyan edib.
Onun sözlərinə görə, Forumun iştirakçılarını əməkdaşlığın, qarşılıqlı anlaşmanın, sabitlik və sülhün təşviqi üzrə vahid vəzifə birləşdirir.
“Biz hamımız bir-birimizlə əlaqədarıq. Bəzən elə görünə bilər ki, televizorda gördüyümüz, digər yerlərdə baş verən təhlükəli hadisələrin bizə aidiyyəti yoxdur. Sanki bütün bunlar başqa planetdə baş verir. Əslində isə onlar çox yaxındadır, çox yaxında. Qaçqınlarla bağlı böhran da bizim nə dərəcədə bir-birimizlə əlaqədar olduğumuzu nümayiş etdirir”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, ХХ əsrin əvvəlindən dünya daha təhlükəli olub.
“Regionumuzda vəziyyət də dramatik şəkildə dəyişib. Mövcud münaqişələr hələ də həll olunmamış qalıb. Lakin indi bizdə yeni münaqişələr, yeni qarşıdurma zonaları və yeni təhdidlər var. Bu səbəbdən hesab edirəm ki, əsas vəzifəmiz bu gərginliyi azaltmaq məqsədilə siyasətçilər, dövlətlər qismində oynamalı olduğumuz rol olmalıdır. Əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət üçün zəruri şərait yaratmaq lazımdır”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident dünyada mövcud qeyri-sabitlikdən dərs çıxarmağın zəruri olduğunu deyib.
“Biz bundan nəticə çıxarmalıyıq. Digər insanların seçiminə, dövlətlərin ərazi bütövlütyünə hörmətlə yanaşmalıyıq. Biz birgə fəaliyyət göstərməliyik. Vəzifəmiz gərginliyi aradan qaldırmaq və təhlükələrin qarşısını almaqdan ibarətdir. Əks halda gələcəkdə vəziyyət pisləşə bilər. Yaxın Şərq, Avropanın ayrı-ayrı yerlərində vəziyyət, qaçqınlarla bağlı böhran - bütün bunlar reallıqdır”, - deyə İ.Əliyev vurğulayıb.
R.Babayev