Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankında payını indiki 51,07%-dən 90%-ə qədər artırmağı planlaşdırır. Bu barədə “Fitch Ratings” agentliyinin məlumatında bildirilir.
“Bankın kapitalına 500 mln. manat məbləğində əlavə investisiya bankın ödəmə qabiliyyətini təmin edəcək və Maliyyə Nazirliyinin kapitalda payının 90%-ə qədər artmasına səbəb olacaq”,- deyə agentlik qeyd edib.
“Fitch” ABB-nin Azərbaycanın bank sektorunda mühüm əhəmiyyət daşıdığını bildirib. xüsusilə bank sisteminin aktivlərinin 35%-i ABB-nin payına düşür.
Eyni zamanda, agentlik qeyd edir ki, ABB-nin 3 mlrd. dollar məbləğində problemli aktivlərinin alınmasına baxmayaraq, bankın aktivlərinin keyfiyyəti “zəif” olaraq qalır və kreditlər üzrə yükək dollarlaşma təzyiqi altında qalacaq (2015-ci ilin sonuna 60%).
Agentlik ötən ilin yekunları üzrə xidmət göstərilməmiş kreditlərin həcminin ümumi kredit portfelində 7% təşkil etdiyini bildirib.
Agentliyin qiymətləndirmələrinə görə, əsas kapital göstəricisi (Core Capital, FCC) 2015-ci ilin sonuna 6% təşkil edib, lakin bu göstərici 500 mln. manat məbləğində əlavə kapitallaşma hesabına 10% arta bilər.
Bundan başqa, agentlik bankın zəif rentabelliyə malik olduğunu qeyd edir və bunun yaxın vaxtlarda yaxşılaşacağına ümid etmir.
Agentlik hesab edir ki, ABB-nin təkrar maliyyələşdirilməsinə qısamüddətli tələbat böyükdür. 2016-cı il fevralın sonuna ABB-nin təkrar maliyyələşdirilməsinə tələbat 1,2 mlrd. manat, likvidlik buferi 0,6 mlrd. manat təşkil edib. “Kapitalın təsiri bankın likvidlik mövqeyini dəstəkləməlidir”, - deyə agentlik qeyd edib.
Xəbər verildiyi kimi, ABB-nin səhmdarları fevralın 10-da keçirilən növbədənkənar ümumi yığıncaqda bankın nizamnamə kapitalını 500 mln. manat - 1 mlrd. 141,3 mln. artırmaq barədə qərar qəbul ediblər.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i özəl səhmdarlara məxsusdur.
A. Əzizov