Azərbaycan prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın dövlət başçısı Rosen Plevnelievi qəbul edib. Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat verir.
Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edilib. Həmçinin sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirilib və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulanıb.
B.Rüstəmbəyov