Beynəlxalq birlik Suriyada müharibəyə başlayarkən regional oyunçuların rolu və Bəşər Əsədin ordusunun gücünə lazımi qiymət verməyiblər. Bu barədə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda bəyan edib.
“Şimali Afrikada baş verən məlum hadisələrdən sonra beynəlxalq güclər Suriya liderinin dərhal istefa verəcəyini ehtimal edərək Əsədə lazımi qiymət vermədilər. Əsədin güclü orduya malik olduğunu, həmçinin Rusiya və İranın simasında xarici dəstəyinin olmasını nəzərə almadılar”, - deyə türk diplomat vurğulayıb.
O, Suriyanı Əsədin ailəsinin idarə etdiyi 40 il ərzində xristianlar, ermənilər, asuriyalılar, ərəblər, türkmənlər, sünni və şiələrin bir-birinə öyrəşdikləri unikal ölkə adlandırıb.
“Buna səbəb Əsədin ailəsinin dünyəvi idarəetmə rejimidir. Suriyada nəzərə alınmayan əsas səbəblərdən biri bu olub. İraqda da eyni səhvə yol verilib”, - deyə H.Çətin vurğulayıb.
Keçmiş nazir beynəlxalq birliyin dünyadakı problemləri həll etmək iqtidarında olmadığı qeyd edib.
“Əfqanıstan, Şimali Afrika, İraq. Beynəlxalq birlik bu cür problemləri həll etmək iqtidarında deyil. Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələri həll etməsək, onlar yenilərin meydana gəlməsinə səbəb olacaq”, - deyə diplomat vurğulayıb.
O bildirib ki, Suriya böhranının nizamlanmasının uzadılması bütün bəşəriyyət üçün ciddi problemə çevrilə bilər.
“Əksəriyyət bəyan edir ki, Əsəd hakimiyyətdən getməlidir. Lakin heç kəs bundan sonra nə baş verəcəyi sualına cavab verə bilmir. Hətta “soyuq müharibə”dən sonra belə Qərbdə birliyin olmaması müşahidə edilirdi”, - deyə H.Çətin bəyan edib.
Onun sözlərinə görə, ən iri dünya oyunçuları kənardan demokratiyanın gətirilməsinin düzgün olmadığını indiyədək anlamayıblar.
“İraqda demokratiya tətbiq etməyə cəhd göstərdilər və indi o, bölünmüş dövlətdir. Buna baxmayaraq, yenidən demokratiya tətbiq etmək cəhdlərini müşahidə edirik, lakin onu bir gün ərzində ölkədə qurmaq mümkün deyil”, - deyə o qeyd edib.
Türkiyəli diplomat hesab edir ki, Avropa uzun müddət ərzində Yaxın Şərqdə münaqişəli vəziyyətə göz yumub.
“Cihadçıları Suriyaya göndəribər, indi isə İŞİD-dən neçə xilas olmaq barədə düşünürlər. Avropa qaçqınlar ordusu yaranmayana qədər münaqişə barədə düşünməyib. İndi isə avropalıların birdən ayıldığı vaxtda Türkiyədə təxminən 3 mln. qaçqın var”, - deyə H.Çətin vurğulayıb.
Onun fikrincə, Suriyada bugünkü vəziyyətə yol verməmək mümkün idi.
“Bu proseslərin əvvəlində ABŞ, Rusiya və digər iri dövlətlər Əsədlə danışıqlar aparmalı idilər. Ona izah olunmalı idi ki, Suriyada yeni hakimiyyətə ehtiyac var. Rusiya və İran Əsədi xalqın ən vacib amil olduğuna inandıra bilərdi”, - deyə H.Çətin bəyan edib.
Sabiq nazir qeyd edib ki, dünya birliyinin düşünülməmiş hərəkətləri nəticəsində bu gün “özlərini təsdiq etməyən dövlətlər” olan İraq və Suriya Türkiyə ilə həmsərhəddir.
“Əgər yaxın gələcəkdə Suriya böhranını həll etmək mümkün olmazsa, bu, regiona və bütövlükdə bütün dünyaya mənfi təsir göstərəcək. Dünya təhlükəsizliyinə ilk təhdid terrorçuluqdur. Bu gün Suriya ərazisində cihadçılardan ibarət 200 qrup fəaliyyət göstərir. Onlar hara üz tutacaqlar? Bütün dünyaya - Avropaya, Asiyaya yayılacaqlar. Və Suriya gələcəkdə beynəlxalq terrorçuluğa zəmin yaradacaq”, - deyə o bildirib.
Türkiyəli diplomat artan qaçqınlar ordusunu dünya təhlükəsizliyinə ikinci təhdid adlandırıb.
“Bu gün yalnız Türkiyədə Suriya böhranı nəticəsində 3 mln.-a yaxın qaçqın var. 1,5 mln. nəfər - Livan, 600-700 min nəfər İordaniyadadır. Rəsmi məlumatlara əsasən, Suriya münaqişəsi nəticəsində 271 nəfər həlak olub”, - deyə H.Çətin bəyan edib.
Üçüncü təhdid kimi o, islamın sünni, şiə və sələfi cərəyanlarının tərəfdarları arasında mövcud təhlükəni qeyd edib.
“Türkiyə çox yüksək bədəl ödəyir. 3 mln. qaçqının problemlərinin həlli məqsədilə artıq $8-9 mlrd. məbləğində vəsait sərf olunub. Dünya bütün bəşəriyyət üçün ciddi problemin həlli məqsədilə birləşməlidir”, - deyə H.Çətin vurğulayıb.
R.Babayev