“PAŞA Sığorta” şirkəti Dövlət Neft Fondunun (ARDNF) əmlakını sığortalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“PAŞA Sığorta” ARDNF-in keçirdiyi müvafiq tenderin qalibi elan edilib. Martın 7-də fond şirkətlə sığorta xidmətlərinə dair müqavilə imzalayıb”, - deyə məlumatda qeyd olunur.
Müqavilə fondun Bakıdakı yeni inzibati binasında (22 mərtəbəli bina, bütün texniki tikililər daxil olmaqla) daşınmaz əmlakın icbari sığortası, daşınan əmlakın könüllü sığortası, həmçinin daşınmaz əmlakın istismarı zamanı məsuliyyətin sığortasını nəzərdə tutur.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. ASC 31 sığorta növü üzrə xidmət göstərir. 2012-2015-cİ illərdə şirkət sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanda sığorta şirkətləri arasında lider olub.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A. Əzizov