Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılış mərasimi olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, hərbi hissə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən tikilib.
O deyib ki, ötən il ərzində on hərbi şəhərcik istifadəyə verilib. Bu il də plana uyğun olaraq ondan çox müasir hərbi şəhərciyin inşa edilib şəxsi heyətin istifadəsinə verilməsi nəzərdə tutulub.
“Xüsusi qeyd etmək istəyirəm ki, dövlətimiz Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir”,- deyə nazir qeyd edib.
“Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini biz bu il də davam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə-gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir”,- deyə Z.Həsənov vurğulayıb.
Müdafiə naziri şəxsi heyəti yeni hərbi şəhərciyin açılışı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.
Hərbi hissədə fəaliyyət göstərən çörəkbişirmə sexi ilə də tanış olan nazir, çörəyin istehsal şəraiti, keyfiyyəti ilə maraqlanıb və burada çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.
F.İsazadə