Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində çıxarılmış şərti azadlıqdan məhrum etmə cəzasına qarşı qaldırdıqları iddianın təmin edilməməsinə dair qərarını qüvvədə saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə onların vəkili Elçin Sadıqov məlumat verib.
“Məhkəmə apellyasiya şikayətini təmin etməyib. Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə qalır”, - deyə vəkil bildirib.
O, həmçinin yaxın vaxtlarda Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklərini qeyd edib.
“Biz bu qərarla razı deyilik və kassasiya şikayəti verəcəyik. Leyla və Arifin səhhətini nəzərə alaraq bu şikayət yaxın vaxtlarda veriləcək”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə onların müraciətini təmin etməyib.
2015-ci il noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. O, məhkəmə zalından azadlığa buraxılıb və hazırda ev dustağıdır.
Ötən ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi L.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Dekabr ayında LYunus məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökm dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, sənədləri saxtalaşdırma maddələrinə əsasən çıxarılıb.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə başlanmış cinayət işi ayrı icraata verilib.
F.İsazadə