Prezident İlham Əliyev martın11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirib. İran və Azərbaycan Sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlət başçısı Q.Rzayinin ölkəmizə səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirib.
Prezident hazırda ölkələrimizin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərdiklərini qeyd edib, iki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Q.Rzayi Azərbaycan və İran prezidentləri İ.Əliyev ilə Həsən Ruhaninin ölkələrimizin Sərhəd xidmətləri arasında əlaqələrin inkişafına verdikləri dəstəyin önəmini vurğulayıb. O, prezident İ.Əliyevin İrana son səfərini və səfər zamanı məhsuldar görüşlərin keçirildiyini məmnunluqla qeyd edib. Q.Rzayi yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin Sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verəcəyini bildirib.
F.İsazadə