Ankarada baş vermiş terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər proqramında dəyişiklik edilməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbədən məlumat verilib.
“Hazırda Ərdoğanın Bakıya səfər proqramında hər hansı dəyişiklik yoxdur”, - deyə mənbə bildirib.
Xəbər verildiyi kimi, fevralın 17-də Ankarada baş vermiş terror aktı ilə əlaqədar R.T.Ərdoğanın Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya nəzərə tutulan səfəri baş tutmamışdı.
Türkiyə prezidentinin səfəri daha münasib bir vaxta qədər təxirə salınmışdı.
Daha sonra rəsmi Ankara və Bakı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilmə vaxtını martın 15-nə təyin etmişdi. R.T.Ərdoğanın Bakı səfərindən bir gün öncə Türkiyənin paytaxtında törədilmiş növbəti dəfə terror aktı nəticəsində təxminən 40 nəfər həlak olub, 120-dən çox insan yaralanıb.
F.İsazadə