Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə təsisatlanmışəməkdaşlıqda maraqlıdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə XİN başçısı Elmar Məmmədyarov Çinə səfəri çərçivəsində təşkilatın baş katibi Rəşid Alimovla görüş zamanı bəyan edib.
Nazir terrorizm, separatizm və extremizmə qarşı mübarizə, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika və digər qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı perspektivlərindən danışıb.
O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyət başlamasının qədim İpək yolu boyunca təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir, həmçinin təşkilata üzv olan bəzi ölkələrin vətəndaşları üçün Azərbaycana giriş vizalarının rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinin insanlararası təmasların artmasına və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına müsbət təsir göstərəcəyini bildirib.
Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını deyən nazir bu xüsusda 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunun əhəmiyyətini qeyd edib.
E.Məmmədyarov regional sülh və təhlükəsizlik üçün başlıca təhdid yaradan Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verib. O, münaqişənin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı olduğunu vurğulayıb.
F.İsazadə