Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması üzrə işçi qrup yaradılıb.
“Azərbaycanda məktəbəqədər təhsil üzrə qanunverici bazanın yaradılması zamanın tələbidir. Bununla əlaqədar olaraq işçi qrup yaradılır. Qrup sənədin hazırlanması ilə məşğul olacaq", - deyə Milli Məclisin Elm və təhsil üzrə komitəsinin sədri İsa Həbibbəyli bu gün komitənin bu məsələsinin müzakirəsinə həsr olunmuş geniş iclasında bildirib.
Onun sözlərinə görə, başçılıq etdiyi komitə bir neçə aydır bu istiqamətdə iş aparır.
“Azərbaycanda qüvvədə olan "Təhsil haqqında" qanunun məktəbəqədər təhsilə aid olan və 6 bənddən ibarət olan 18-ci maddəsində bu məsələ ilə bağlı yalnız ümumi müddəalar öz əksini tapıb”, - deyə İ.Həbibbəyli qeyd edib.
Komitə sədri deyib ki, qanun layihəsinin cari ilin may ayınadək hazırlanması planlaşdırılır.
“Ümid edirəm ki, biz "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinə Milli Məclisin yaz sessiyasında baxmağa və birinci oxunuşda qəbul etməyə müvəffəq olacağıq", - deyə o vurğulayıb.
İ.Həbibbəylinin sözlərinə görə, qanun layihəsinin hazırlanması prosesində bu sahədə beynəlxalq təcrübə, həmçinin ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər müəssisə və uşaq bağçalarının təcrübəsindən istifadə olunacaq.
R.Babayev