Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni inkişaf strategiyası çərçivəsində korporativ üslubunu dəyişib. Bu barədə bankın məlumatında deyilir.
“İlk dəyişiklik loqotiplə bağlıdır. Azərbaycan Beynəlxalq Bankını indi şəbəkə naxışlarının yaratdığı səkkiz guşəli ulduz simvolizə edəcək. Loqotipdə milli ornamentlərdən istifadə mədəniyyətimizə verilən yüksək dəyər olmaqla yanaşı, Bankın əsas fəaliyyət qayəsinin vizual ifadəsinə də kömək göstərir. Şəbəkəvarı ulduz təsviri öz dinamikliyi ilə əbədi hərəkəti, vəhdəti vurğulayır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının daimi inkişafa can atmasını rəmzləşdirir", - deyə məlumatda vurğulanır.
Bankın korporativ rənginin əvvəlkindən bir qədər fərqli çalarda – açıq göy rəngdə müəyyənləşdirilməsinin də simvolik mənası var. Bu rəng qarşılıqlı inamı, ciddiliyi, bankın dayanıqlığını ifadə edir. Göy rəngin açıq çaları həm də, parlaqlıq, aydınlıq ovqatı yaradır. Göy rənglə harmoniya təşkil edən ağ rəng isə məmnuniyyətə, açıqlığa işarədir.
Bankın korporativ üslubunda baş verən daha bir yenilik də sloqan seçimidir: “Uğuruna imza at!” Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığı müştərilər üçün əsas uğur faktoruna çevirməyə çalışan Bank bundan sonra onlara belə bir sloqanla üz tutacaq.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i özəl səhmdarlara məxsusdur.
A.Əzizov